Kainat necə yaranıb?

Kosmonavtlar səmada olarkən böyük fəxrlə Yer kürəsinin şəkillərini çəkirlər. Onlardan birinin dediyinə görə, bütün bunlar kosmik uçuş zamanı hiss edilən ən gözəl duyğulardır. Lakin Günəş sistemilə müqayisədə Yer “qum dənəsinə” bənzəyir. Günəşin daxilində milyon Yer kürəsi boyda planet yerləşə bilər. Gəlin, bir anlıq kosmik səyahətə çıxaq və Yerlə Günəşi olduğu kimi qəbul etməyə çalışaq.
Günəş – Süd Yolu qalaktikasının spiralşəkilli qolunda yerləşən çoxlu sayda ulduzlardan biri, qalaktika isə bütün Kainatın kiçik bir hissəsidir. Biz adi gözlə səmada bir neçə zəif parıldayan ləkələr görürük ki, bunlar məhz digər qalaktikalardır. Süd Yolu, Andromeda ulduzları və digər 20 qalaktika qravitasiya sahəsinin köməkliyi ilə bir yerə yığışıb qalaktikalar topası əmələ gətirir. Bu qalaktikalarsa nəhəng qalaktikalar toplusunun bir zərrəsini təşkil edir. Kainat çoxlu sayda fövqəltoplulardan ibarətdir ki, bu da hələ Kainatın tam təcəssümü deyil. Qalaktikaların toplusu qeyri-bərabər şəkildə yerləşib. Böyüdücü cihazlarla baxanda onlar nazik lent və tel şəklində görünürlər. Bəzi qalaktika topaları o qədər uzun və genişdir ki, hətta Böyük Çin səddinə bənzəyirlər. Kainatın müəmmalı Kosmik partlayış nəticəsində əmələ gəldiyini iddia edənlər bu görüntünü seyr edəndə çox təəccüblənirlər. Məşhur bir yazıçı yazırdı: “Kainat haqqında heyrətamiz məlumatlar əldə etdikcə, sadə nəzəriyyələr əsasında Kainatın necə yarandığını sübut etmək daha da çətinləşir”. Sübutlar göstərir ki,

Kainatın əvvəli olub
Bizim görə bildiyimiz bütün ulduzlar Süd Yolu qalaktikasına məxsusdur. 1920-ci ilə qədər bu qalaktikanın yeganə olması güman edilirdi. Lakin hamıya məlum olduğu kimi, sonradan daha güclü teleskoplar vasitəsilə müşahidələr zamanı məlum oldu ki, Kainatda ən azı 50 milyard qalaktika (50 milyard ulduz yox) var. Hər bir qalaktikada günəşəbənzər milyardlarla ulduz var. Sonradan məlum oldu ki, bütün qalaktikalar hərəkət edir. Astronomlar qeyd edir ki, qalaktikalar tərəfindən buraxılan işıq prizmadan keçəndə işıq dalğalarının uzunluğu daha uzun olur və bu da sübut edir ki, qalaktikalar böyük sürətlə bizdən uzaqlaşır. Qalaktika bizdən nə qədər uzaqda olsa, müşahidə zolağından bir o qədər tez itər. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki,

Kainat getdikcə genişlənir
Qəribə deyil ki, Kainatın genişlənməsi keçmişimizlə əlaqəli olduğu kimi gələcəyimizə də müəyyən təsir göstərə bilər. Hansısa bir səbəb bu prosesi başlamalı və bütün Kainatın qravitasiyasını üstələmək üçün kifayət qədər gücə sahib olmalı idi. Ortaya bir sual çıxır: belə nəhəng enerjinin mənbəyi nə ola bilər? Alimlər iddia edir ki, Kainat müəyyən vaxta qədər kiçik və bərk olub. Bəs onda Kainatın kiçik və bərk olmasının əsas səbəbi nə idi? Deməli, biz Kainatın necə yarandığını araşdırmalıyıq. Aydındır ki, burada təkcə nəhəng enerji mənbəyinin rolu olmayıb. Kainatın genişlənmə sürəti çox dəqiqliklə hesablanıb, buna isə öncəgörmə və dərrakə lazımdır. Əgər Kainat trilyonda bir gec sürətlə genişlənməsəydi, onda təqribən birinci milyard ildə qravitasiya qüvvələri Kainatı sıxılmağa məcbur edərdi. Bununla da nə uzunmüddətli ulduzlar, nə də canlı həyat mövcud olardı.

“Kainatın fövqəlidrak tərəfindən yaradılması” fikrini qəbul edə bilməyən alimlər belə bir hipotez irəli sürürlər ki, guya Kainat naməlum proses nəticəsində, heç nədən yaranıb. Adətən bu cür hipotezlər özlərində nəzəriyyə müxtəlifliyini təcəssüm etdirirlər. Onlardan birini 1979-cu ildə fizik Alan Qut irəli sürüb. Lakin sonradan doktor Qut özü də etiraf etdi ki, onun nəzəriyyəsi “Kainatın heç nədən yaranmasını” izah etmir. Doktor Andrey Linde öz məqaləsində daha dəqiq fikirlər söyləmişdi: “Bütün Kainatın nə vaxt, necə, harada yaranması hələ də kosmologiya elmi üçün qeyri-müəyyən olaraq qalır”. Əgər mütəxəssislər Kainatın yaranmasını və ilkin inkişafını izah edə bilmirlərsə, onda digər mənbələrə müraciət etməyə ehtiyac varmı? Həqiqətən də bizim tutarlı səbəblərimiz var ki, heç kimin əhəmiyyət vermədiyi sübutları araşdırmaqla bu mürəkkəb suala cavab tapaq. Bu sübutlardan biri materiyanın bütün cəhət və dəyişikliklərini təyin edən dörd fundamental qarşılıqlı əlaqənin dəqiq ölçüləridir. Bəziləriniz təəccüblə deyə bilərsiniz: “Bunu ancaq fiziklər başa düşər”. Lakin bu, qətiyyən belə deyil. Biz əsas məlumatları bilməliyik, çünki onlar bizə təsir edir. Kosmik fəzanın əlçatmaz yerlərində, eləcə də atom elementlərindən dörd fundamental qarşılıqlı əlaqə özünü büruzə verir. Bu əlaqələr bizi əhatə edən hər şeyə təsir edir. Əgər Kainatdakı dörd fundamental qarşılıqlı əlaqə bu cür dəqiq hesablanmasaydı, onda həyatımız üçün zəruri olan kimyəvi elementlər, xüsusən də oksigen, karbon, dəmir mövcud olmazdı. Bəs bu əlaqələr nədən ibarətdir:

1) Qravitasiya qarşılıqlı əlaqəsi – atomlar səviyyəsində çox zəif ifadə olunub. Onun təsiri əsasən böyük obyektlərdə – planetlər, ulduzlar və qalaktikalarda özünü göstərir.

2) Elektromaqnit qarşılıqlı əlaqəsi – proton və elektronların bir-birinə cəzb olunmasında böyük rol oynayır və bunun da nəticəsində molekul yaranır. Bu qarşılıqlı əlaqənin nəticəsində ildırım çaxır. Əgər əlaqə zəif olsa, atomdakı elektronlar nüvənin ətrafında dayana bilməzdi. Bu çox vacibdir. Çünki bu baş verməsəydi, atomlar bir-birilə birləşməzdi, nəticədə molekullar yaranmazdı. Və əksinə bu qarşılıqlı əlaqə çox güclü olsaydı, elektronlar atomun nüvəsindən ayrıla bilməzdilər. Nəticədə isə canlı aləm də mövcud olmazdı.

Qeyd edək ki, həyatımız elektromaqnit qarşılıqlı əlaqəsinin dəqiq tənzimlənməsindən asılıdır.

Dördüncü əlaqə isə “zəif qarşılıqlı əlaqə” adlanır və radioaktiv dağılmanı idarə edir. Bu qarşılıqlı əlaqədə həmçinin Günəşin istilik-nüvə aktivliyinə təsir edir. Zəif qarşılıqlı əlaqə nüvə gücündən milyon dəfə zəifdir. Bu zəiflik hidrogenin Günəşdə kiçik və sabit sürətlə yanması üçün kifayətdir. Əgər bu zəiflik daha da zəif və ya əksinə bir az güclü olsa, onda canlı aləmin mövcudluğu problemi yenidən söhbət mövzusu ola bilər. Bəli, hidrogenin dəqiq hesablanmış yanma sürəti sayəsində Yer kürəsi normal istilik alır və bizim insan kimi mövcudluğumuz təmin olunur. Bundan başqa, alimlər hesab edir ki, “zəif qarşılıqlı əlaqə” fövqəlyeni partlayışlarda müəyyən rol oynayır. Bu partlayışlar kimyəvi elementlərin yaranması və yayılması üçün zəmin yaradır.

Bu dörd fundamental qarşılıqlı əlaqə heyrətamiz dəqiqliklə tənzim olunub. Bunun sayəsində Günəş mövcuddur və normal fəaliyyət göstərir. Həyat üçün zəruri olan müxtəlif kimyəvi elementlər və təbii sərvətlərlə zəngin olan Yer kürəsi isə Günəşdən lazımi dərəcədə istilik alır. Mövcudluğumuz üçün digər sahələrdə də dəqiqlik lazımdır. Məsələn, Yerin ölçüləri və Günəş sistemində onun vəziyyəti.

Kainatda Yer kürəsinə bənzər başqa planet tapılmayıb

Düzdür, bəziləri bildirir ki, ayrı-ayrı ulduzların ətrafında orbitboyu obyektlər hərəkət edir və onlar Yer kürəsindən çox böyükdür. Amma yalnız Yer kürəsinin ölçüləri insanın mövcudluğu üçün münasibdir. Əgər planetimiz bir az böyük olsaydı, hidrogen onun cazibə qüvvəsini üstələyə bilməzdi və atmosferdə həyat mövcud olmazdı. Yer bir az kiçik olsaydı, həyat üçün lazım olan oksigen kosmik fəzaya uçar, səthdə olan su isə buxarlanar, insanların mövcudluğu mümkün olmazdı. Bundan əlavə Yer kürəsi Günəşdən ideal məsafədədir, həyat üçün lazım olan gözəl şəraitin yaranması üçün zəruridir.

Ulu Yaradan Kainatı elə zərgər dəqiqliyi ilə yaradıb ki, hətta cüzi bir dəyişiklik bütün Kainatın məhvinə gətirib çıxarar. Hesablamalar göstərir ki, əgər Yerdən Günəşə qədər olan məsafə cəmi 5 faiz kiçik olsaydı, onda təqribən 4 milyard il bundan qabaq Yer kürəsində hər şey yanıb məhv olardı. Digər tərəfdən həmin məsafə cəmi 1 faiz böyük olsaydı, onda təqribən 2 milyard il bundan qabaq Yer kürəsi tamamilə donardı.

Gördüyünüz kimi ucu-bucağı görünməyən bu dünyada ən böyük zərgər Tanrıdır. Onun yaratdığı hər bir şey yüz dəfə ölçülüb-biçilib. Biz insanlar – istər akdemik, alim, istərsə də fəhlə, kəndli bu yaradılmışları dəyişməkdə acizdir. Tanrının yaratdıqlarına qarşı çıxanlar və onları dəyişdirməyə çalışanlar ən ağır cəzaya məhkum olurlar. Allahın yaratdığı qayda-qanunlara, xüsusən də dini qaydalara qarşı çıxanlar bütün bəşəriyyətin düşmənləridir. Onlar terrorçular, cinayətkarlar, qatillər və şər qüvvələrə xidmət edənlərdir. Tanrının bizə göndərdiyi müqəddəs kitabı – Qurani-Kərimi qəbul etməyən və özlərini Allah adamı hesab edən falçılar əslində şər qüvvələrə qulluq edir. Əfsuslar olsun ki, bəzi televiziyalarımız nəinki falçıları, cadugərləri mavi ekranlara çıxarır, hətta öz verilişlərində onların əməllərinə haqq qazandırır və falçılığı bir savab kimi xalqın beyninə təlqin etməyə çalışır.

Səbinə MUSAQIZI