Quşarmudu
 

Quşarmudu qızılgülçiçəklilər - Rosaceae fəsiləsindən olub, Zaqafqaziyada, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur.

Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir.

Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur. Meyvələrində çoxlu miqdarda şəkər, üzvi turşular [alma, limon, salisil turşuları] və qatranlı maddələr vardır. Bundan başqa meyvələrinin tərkibində karotin, C, B1, B2, və s. vitaminləri vardır. Ona görə də meyvələrindən vitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. Belə ki, qurudulmuş meyvələrindən çay hazırlayıb, avitaminozlarda daha çox işlədirlər.

Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər.

Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır. Bu qiymətli vitaminli bitkilərin müalicə məqsədilə istifadə olunması məqsədəuyğundur.