Caytikani
 

O, iydə - Elaeagnaceae - fəsiləsindəndir. Çaytikanı hündür boylu kol bitkisidir. Meyvəsi giləmeyvəyə oxşayır. Sentyabr - oktyabr aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu üçün yetişmiş meyvələri bütün qış fəslində [mart - aprel ayına kimi] ağacda qala bilir. Meyvələri qızılı - sarı və ya çəhrayı - qırmızı rəngdə olur, dadı turşməzədir. Meyvəsi bir toxumludur. Çaytikanı Azərbaycanın dağ - meşə rayonlarında [Quba, Qusar, Qonaqkənd, Şuşa, Zaqatala və s.] geniş yayılmışdır. Lakin çox təssüf ki, bu qiymətli bitkinin meyvələrindən lazımcasına istifadə edilmir və tədarük olunmur. Çaytikanı meyvələrinin toxumları da qiymətlidir. Onların tərkibində 10 %-ə qədər piyli yağ vardır. Bu yağın son dərəcə mühüm tibbi əhəmiyyəti vardır. Ona görə son illərdə çaytikanı meyvələrindən və toxumlarındanxüsusi press altında saxlamaqla əla keyfiyyətli piyli yağ istehsal olunur və bu yağ "oblepixovoye maslo" adı ilə təbabətdə geniş istifadə edilir. Bu yağ çəhrayı rəngdə qatı maye halda olub, xüsusi aramatik iyə və dada malikdir. Çaytikanı bitkisinin meyvələrində 3 %-ə qədər şəkər, 2,5 - 3,2 % üzvi turşular [alma, lumu], B1 vitamini və 500 mq % C vitamini vardır. Yağının tərkibində isə 100 mq %-ə qədər karotin və 250 mq %-ə qədər provitamin "A" adlanan karotinoidlər müəyyən edilmişdir. Buna görə də çaytikanı meyvəsinin yağı ən zəngin "A" vitamini mənbəi hesab olunur.
Çaytikanı yağında eyni zamanda 110 - 165 mq % "E" və maddələr mübadiləsini tənzim edən "E" vitamini də müəyyən edilmişdir. Hazırda çaytikanı yağından bir sıra dəri xəstəliklərinin müalicəsində, xüsusən şüadan zədələnmiş dəri və selik qişası xəstəliklərində, mamalıqda və eləcə də mədə və yemək borusunun xorasında yarasağaldıcı dərman kimi geniş istifadə olunur. Çaytikanı yağını ağzı möhkəm bağlanan şüşələrdə, qaranlıq və sərin yerdə saxlamaq lazımdır.