XALQ  TƏBABƏTİ  HAQQINDA

 
 

Xalq təbabətinin tarixi çox qədimdir. O hələ ibtidai icma dövründən fəaliyyət göstərib. O vaxtlar birinci növbədə zədələnmələr, yaralanmalar, zəhərlənmələr və doğuş zamanı müalicə yardımı göstərilirdi. Xeyli sonrakı dövrlərdə xalq təbabəti qızdırma ilə müşayiət edilən xəstəlikləri - dəri yara-xoralarını, göz, qulaq xəstəliklərini və sair müalicə etməklə məşğul olur, müalicə məqsədi ilə bitki və heyvan mənşəli dərmanlarla yanaşı, mineral sulardan - müalicə palçığından, iqlim şəraitindən, masajdan, qan almadan və ilaxır vasitələrdən də istifadə olunurdu. Hələ qədim vaxtlarda Həbəşistan çobanları qəhvə ağacı yarpağı yeyən keçilərin ümumi narahatlığını və gecələri olduqca pis keçirdiklərini müşahidə etmişlər. Sonralar qəhvə ağacı yarpaqlarının və meyvələrinin oyandırıcı təsirini rahiblər öz üzərlərində yoxlayaraq buna qətiyyətlə inanmış və bu məmulatı dəmləyərək içməyə başlamışlar. Sonradan qəhvə Afrikadan Avropaya, beləliklə, bütün dünyaya yayıldı. Şərq və bəzi Avropa ölkələrində, o cümlədən Çində, Hindistanda, İranda, Kiçik Asiyada, Misirdə, Yunanıstanda, Romada da xalq təbabəti sürətlə inkişaf etməyə başladı. Qədim Yunanıstanın məşhur həkimi Hipokrat xəstəliklərin müalicəsində işlənən dərmanları sistemləşdirməklə yanaşı, öz müşahidələrinin əsasında xəstəliklərin müalicəsi zamanı təbiətin rolu ilə birlikdə həkimlərin də mühüm rolunu qeyd edir: "Xəstəliyi təbiət sağaldır. Həkim isə ona kömək edir" şüarını irəli sürür.
Qədim Romada yaşamış məşhur yunan həkimi Qalen müxtəlif bitkilərdən dərman preparatları hazırlayaraq xəstəlikləri müalicə etməyə başlayır. İndiyə kimi həmin preparatları Qalen preparatları adlandırırlar. Qalenin yazdığına görə, o zamanlar istifadə olunan dərman preparatlarının tərkibinin 60 faizini mədən mənşəli maddələr təşkil edirdi. Dünyada apteklər ilk dəfə Şərqdə yaranıb. Elmin başqa sahələri olduğu kimi, tibb elmi də məhz Şərqdən Avropaya yayılmışdır. Şərqin Əbu-Əli, İbn-Sina, Əbu-Reyhan, Biruni, Zəkəriyyə Razi, İbn Təlmis, Ən-Nəfis, İbn Baytar və başqaları kimi dünya şöhrətli təbibləri olub. Adları çəkilən alimlər özlərindən sonra yüzlərlə qiymətli əsərlər yadigar qoymuşlar. Avropa araşdırıcılarının yazdığına görə, "Şərq ölkələrində praktiki tibbi fəaliyyət göstərdiyi və təbabətin inkişaf etdiyi bir dövrdə Avropa ölkələrində tibb elmi tamamilə kilsəyə tabe etdirilmiş, o, bir elm kimi bütövlükdə ilahiyyətin xidmətçisinə çevrilmişdir".
VII-ci əsrdən başlayaraq ərəblər xalq təbabətini sürətlə inkişaf etdirdilər. Bir neçə əsr müddətində ərəblərin öyrəndikləri 2600 dərman maddəsindən 1400-ü bitki mənşəli idi. Orta əsrlərdə xalq təbabətinin inkişaf etməsində Şərqin məşhur alimi Əbu Əli İbn Sinanın çox böyük xidməti olmuşdur. O, çoxlu miqdarda dərman bitkilərini öyrənmiş və onların müxtəlif xəstəliklərin müalicəsində müsbət rolunu göstərmişdir. İbn Sinanın məşhur əsəri "Tibb elmləri qanunu" kitabında 480, Birunidə isə 880 dərman bitkisi haqqında ətraflı məlumat verilmiş, onların müalicəvi əhəmiyyəti və istifadə olunma qaydaları göstərilmişdir. Orta əsrlərdə ərəblərin təsiri altında Azərbaycanda da xalq təbabəti sürətlə inkişaf etməyə başlamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın təbibləri ərəb xalq təbabətini qəbul etməklə bərabər, onu xeyli zənginləşdirmişlər. O vaxtın Azərbaycan təbabətinin görkəmli nümayəndələrindən Əbu Mənsur Müvəffəqi, İbn Kəbiri, Həsən İbn Şirvani, Məhəmməd Əttar Səlyani, Məhəmməd Yusif Şirvani, İbrahib İbn Zeynalabdin Naxçivanini və digərlərini göstərmək olar. Bunların sırasında Əbu Mənsurun xalq təbabətinin inkişafı sayəsində xidməti xüsusilə diqqətəlayiqdir. O, X-cu əsrdə xalq təbabətində tətbiq olunan dərmanları sistemləşdirərək, ilk dəfə dərmanşünaslığa dair özünün məşhur əsərini yazmışdır. Həmin əsər xalq təbabətinin inkişafına çox böyük təkan verdi. Müəllif öz əsərində 446 bitki mənşəli və 44 heyvan mənşəli dərman maddələrini ətraflı təsvir etmişdir. XIX-cu əsrin axırlarında Əbu Mənsurun bu kitabını M.A.Axundov ərəb dilindən alman dilinə tərcümə etmiş və bu kitab 1893-cü ildə Almaniyada çap olunmuşdur.
XVII-ci əsrdə şah Süleyman Səfəvi dövründə yaşayıb yaratmış, Azərbaycanın görkəmli alimi Seyid Məhəmməd Mömin isə 1400-dən çox bitki, heyvan və mədən mənşəli dərman vasitələrinin ətraflı təsvirini, istifadə yollarını vermişdir. Respublikada iqtisadi vəziyyətin gərgin olduğu dövrdə imkanı olmayan xəstələr xalq təbabətindən faydalanmaq arzusundadırlar. Ancaq çox təəssüf ki, xalq təbabəti haqqında az məlumatlar verilir.