AZƏRİ DİLİ VƏ TARİXİ

Azərbaycanda etnik ad yalnız «alban» adı deyildi. Cənub hissə atropatenlər, şimal hissə albanlar, cənubda Atropatena dili, şimalda Alban (Aran) dili ifadələri işlənirdi. Ərəblərin Azərbaycana müdaxiləsi ilə bütün bunlarda dəyişiklik olur. ‘Türk’ etnik adı V əsrdən - Sasanilər dövründən kütləviləşməyə başlamışdı, Sasanilər Çindən İrana qədər böyük bir ərazidə yaranmış türk xaqanlığı ilə əlaqə saxlayır, bə’zən qohumluq münasibətlərinə girməli olurdular. Bu minvalla Azərbaycan türklərini də ‘türk’ adlandırırdılar. Və digər tərəfdən, xaqanlığın öz dövründə xaqanlıq türklərinin Azərbaycana axını davam etməkdə idi. Ərəblər şimallı-cənublu bu ölkəni də (Azərbaycanı) «türk ölkəsi» bilir və ‘türk ölkəsi’ adlandırırdılar. Lakin ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz şivələrində ‘Azərbaycan’ şəklinə saldıqları, azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün bu istilahı şimal türklərinə də tətbiq etməyə başlamışdılar. Ona grə də ‘türk’ istilahı yalnız ‘Alban’ adını deyil, ‘madalı’ və ‘atropatenalı’ adlarını da əvəz etməyə başlamışdı. Eyni vəzifəni azəri sözü də yerinə yetirməkdə idi. Bu istilahların işlənməsi, bə’zi tarixçilərin qeyd etdiklərindən fərqli olaraq, «VIII-IX əsrlərdən sonra» yox, erkən başlamışdı - türk sözü V, azəri sözü VII əsrdən. Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə getmişdir. İskəndərin işğalı dövründə, Parfiya asılılığı dövründə, Sasanilər dövründə, ərəb istilası dövründə daim şimalla cənub birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir. Ona görə də təkcə atropatena və ya alban dilinin təşəkkülündən deyil, söhbət hər iki ərazinin birgə türk-azəri dilinin təşəkkül və inkişafından gedir. Bu dil artıq V əsrdə bütövlükdə ümumxalq dili şəklində təşəkkül tapmışdı. VI-VIII əsrlər şifahi ədəbi dilin təşəkkül və inkişafı dövrü kimi tarixə daxil olur. Gəlmə türk tayfalarının hamısı yaxın və qohum tayfalar idi, dilləri bir-birindən az fərqlənirdi. Odur ki heç bir tayfanın yeni gəlişi ədəbi dilin təşəkkülü yolunda ağırlıq törətməmişdir. Əksinə, fars ən’ənəsi, ərəb asılılığı sadə xalq dilini yazıda ağırlaşdırmışdır. Sonrakı əsrlərdə xalq bu tə’sirdən, bu ağırlıqdan xilas olmağa çalışmış və buna tədricən müvəffəq olmuşdur. Ona görə də etnogenezi iki mərhələyə ayırmaq məntiqi deyil. Vahid etnogenezin təşəkkülü V əsrə aiddir. Səlcuq oğuzları Azərbaycanda geniş məskən salmamış, müəyyən müddət yaşasalar da, Kiçik Asiyaya irəliləmişlər. Onların dil-nitq tə’siri də daha çox Azərbaycanın qərb qrupu şivələrində müşahidə olunur. Q.Qeybullayev Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin təşəkkül spesifikasını fərqləndirməkdə tam haqlıdır və bu cəhətdən bir çox tarixçi və dilçilərdən yüksəkdə durur: «Türkiyədə və Azərbaycanda etnik proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində həqiqətən tam türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin islamla əvəz olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların etnogenezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı rol oynayırdı».(6;209) Bir tarixçinin dili ilə söylədyimiz bu fikirləri biz dəfələrlə qeyd etmişik.
Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın erkən türk əhalisinin dili olmuş, fars dilindən və pəhləvi şivələrindən fərqlənmişdir. «Əsrimizin 20-ci illərinə kimi və daha sonra tarixi ən’ənə azəri məfhumunu azərbaycanlıların adı ilə bağlamışdır». (4; 226)
Azəri dilini Azərbaycan türk əhalisinin dili sayanlara (Lestrençin və b.) e’tiraz etsə də, Ə.Kəsrəvi ərəb işğalından başlayaraq, Azərbaycanda işlənən dilin azəri dili olduğunu təsdiq etmişdir: «Kəsrəviyə görə, azərbaycanlılar islamiyyətin birinci əsrindən türk dili yayılana kimi azəri dilində danışmışlar». (11; 115) Bu fikrin hər iki başı, yə’ni azəri dilinin islamiyyətin birinci əsrindən yerli əhali «türkləşənə» qədərki dövrdə işlənməsi məntiqsiz olsa da, «azəri dili» terminini VII-XIII əsrlər arasında Azərbaycan xalqının dilinin adı kimi təsbit etmişdir. Ə.Kəsrəvi və onun həmkarlarının fikrinə görə, birinci minillikdə Azərbaycan ərazisində yaşayan əhali farsların tə’siri ilə fars dilinə çevrilmiş bir dildə danışmış və farslaşdırılmışlar. «Azəri dili» anlayışının mahiyyətinə düzgün varmadan onu fars dilinin bir qolu hesab edən Ə.Kəsrəvi nəzərə almamışdır ki, Azərbaycan ərazisində e.ə. III-I minilliklərdə və eramızın I minilliyində aborigen və gəlmə türklər o qədər güclü idi ki, onların dilini fars dili heç cür assimilyasiyaya uğrada bilməzdi. Əksinə, yerli türk dili Azərbaycan ərazisinə axan yeni türklərlə daha intensiv qaynayıb-qarışmış və bir çox istilaçıları da türkləşdirmişdir. Ə.Kəsrəvi azəri dilinin mahiyyətində başqa dili düşünsə də, bu, xalis türk dili idi və türk dili olmaqla hətta Azərbaycana köçürülən hakim ərəbləri də öz tə’siri altına alır, onları türkləşdirirdi. Belə bir şəraitdə türk dilinin farslaşdırılmasından söhbət gedə bilməzdi. Ə.Kəsrəvi özü fakt qarşısında qalaraq yazırdı:»Azərbaycanda üç yüz ildən artıq hökmranlıq etmiş olan ərəblər nəinki bu ərazinin sakinlərinin dilini dəyişə bilməmiş, əksinə, özləri də dillərini itirib onlarla qarışmışlar» (11; 116) Tarixə azacıq nəzər salan hər kəs bilir ki, ərəbləri Azərbaycanda türklər assimilyasiyaya uğradıb türkləşdiriblər. Ona görə də Ə.Kəsrəvinin yuxarıdakı sözləri tam həqiqətdir. Bu həqiqət, eyni zamanda, məntiqi şəkildə sübut edir ki, o, bilə-bilə azəriləri irandilli hesab etmişdir. Ərəblərin Azərbaycana ilk gəlişi, Əl-Bəlazurinin qeydinə əsasən, Əş’əsin vaxtında olmuş, Azərbaycan əhalisi yenidən ərəblərə qarşı üsyan etdikdə Azərbaycana Kufədən xeyli ərəb göndərilmişdir. Bir qədər sonra yenə Azərbaycana Kufə, Bəsrə və Suriyadan bir sıra ərəb tayfaları köçürülmüşdür. Onlar Azərbaycanda istədikləri qədər torpaq sahəsi tutmuşlar. Lakin az sonra onların özləri arasında düşmənçilik yaranmış, bu düşmənçilik silahlı toqquşma ilə nəticələnmiş, yalnız Harun ər-Rəşidin zamanında sabitlik yaranmışdır. Ərəblər sonralar öz ölkələri ilə əlaqəni itirmiş, dillərini unutmuş, türk dilini mənimsəmiş, türk adətlərini öyrənmiş və türkləşmişlər. (12; 170-177)
Ə.Kəsrəvi fars şovinizminin ən qatı təbliğatçısı kimi deyirdi: «Bizim fikrimizcə, bundan sonra dəmir yolunun İranın şəhərlərini bir-birilə birləşdirməsi, habelə kəndlərdə məktəblərin açılması, mətbuatın kütləvi surətdə (kitab, məcmuə, qəzetin) yayılması ilə əlaqədar olaraq türk dilinin aradan çıxması Azərbaycanda xüsusilə nəzərə çarpacaqdır. Ola bilsin ki, bir-iki əsrdən sonra bütün iranlılar üçün bir dil olsun və türk, ərəb, kürd, mazandaran, gilan, sisan, simnan, bəxtiyar, lur, şüştər və digər ləhcələrin adlarından başqa bir şey qalmasın».(11; 120) Heç şübhəsiz, bu, alim uzaqgörənliyi deyildir və bu sözlər müəyyən dairələrə xidmət üçün söylənmişdir. Azərbaycan ərazisində son iki min il ərzində türk dili getdikcə daha çox qol-qanad atdığı halda, bir sıra başqa etnoslar (tatlar, talışlar, ləzgilər, udinlər və b.) öz dillərini qoruyub saxlamışlar. Hind-Avropa mənşəli tayfalar Azərbaycan ərazisinə sonralar gəlmişlər: »Əslində, Hind-Avropa dil ailəsinə mənsub ari mənşəli tayfalar er.əv. II minillikdə Cənubi-şərqi Avropadan Orta Asiyaya gəlmişlər. Er.əv. 1700-1500-ci illərdə onların bir hissəsi - vedalar ayrılaraq Hindistana getmiş, indiki farsların, taciklərin, əfqanların, Pamirdə irandilli kiçik xalqların, kürdlərin, talışların, tatların, kiləklərin və s. ulu əcdadları isə Orta Asiyada və Əfqanıstanda qalmışlar. Er. əv. birinci minilliyin əvvəllərində farsların, kürdlərin, talışların, tatların, giləklərin və s. ari adlanan əcdadları İran ərazisinə gəlmişlər.»(13; 39) Hind-İran dil qolu parçalandıqdan sonra İran qolu hazırkı İran yaylasının mərkəzində və cənubunda məskunlaşmış, e.ə. I minilliyin ortalarında İran ləhcələrində danışan bir sıra etnoslar Azərbaycanın şərq və qərb rayonlarına irəliləmiş, burada irandilli etnosların əsasını qoymuşlar. Azərbaycan ərazisində qədimdən irandilli tayfalar olmamış, bu cür tayfalar e.ə. I minilliyin ortalarından gəlmişlər. Bunu İ.Əliyev özü də təsdiq edir: «İnamla deyə bilərik ki, əlimizdə elə bir fakt yoxdur ki, midiyalıların gəlmə element olduğunu sübut etsin. Lakin bunu deyə bilərik ki, hər hansı bir irandilli tayfa Midiya ərazisinə gəlmişdir». (14; 90)
Erkən orta əsrlərdə - Parfiya dövründə bir sıra irandilli tayfalar Azərbaycan ərazilərinə köçürülmüşdür. Lakin bunlar azlıq təşkil edirdilər. Ölkəmizin ərazisindəki tatlar, talışlar, kürdlər, lahıclar yenə də iki min il əvvəlki yerlərində yaşamaqdadırlar və yerlərini çox nadir hallarda dəyişənlər olmuşdur. Talış zonasından aşağılarda Gilan və Mazandaran dilləri yayılmışdır ki, bunlar pəhləvi ləhcələrindən sayılır. İran-fars şovinizmindən fərqli olaraq, Azərbaycanda heç bir etnosun dili sıxışdırılmır. Heç farslar da istədiklərinə nail ola bilməyəcəklər, çünki bir xalqı nə qədər sıxsan, o o qədər güc toplamağa çalışacaqdır. Azlıq təşkil edib yeni gələn etnosların dili o zaman yerli dil ilə tez qovuşa bilər ki, onlar qohum dillər olsunlar. Azərbaycanlıların qədim dili olan azəri dilini pəhləvi dilinin dialektlərindən sayan alimlər qəsdən nəzərə almırlar ki, tarixin üzərinə o qədər qalın pərdə çəkmək olmaz. «...Azərbaycanın bir sıra əllamə alimlərinin təsdiqinə çalışdıqları nəzəriyyənin, yə’ni Azəri türklərinin farsdan dönməsi «ideyası» Ulu Tarixin təkərlərinin altına zorla soxuşdurulan pazdır. Sür’ətlə axıb gedən, şütüyən Zaman qatarının polad təkərləri altına paz qoymağa sə’y göstərmək, özünü, öz hissiz, duzsuz, əndamsız şəxsi varlığını təhlükədə qoymaq deməkdir. Yə’ni pazın əvəzinə özün düşə bilərsən u iti çarxların altına». (16; 214)
Cənubi Azərbaycan əhalisinin dilindən bəhs edən ərəbdilli qaynaqlarda azəri termini tez-tez xatırlanır. Yaqut Həməvi (XII-XIII əsrlər) göstərir ki, «onların (Azərbaycan əhalisinin - Q.K.) dilini əl-azəriyə adlandırırlar. Onu başqaları anlamır». Yaqubi (IX əsr), Məs’udi (X əsr) və başqaları da «azəri dili» haqqında mə’lumat vermişlər.(4; 222-223) Onlar bu dilin türk dili olduğunu qeyd etməsələr də, onu fars dilindən fərqləndirmiş və Azərbaycan ərazisində fars dili ilə yanaşı əsas dil olduğunu söyləmişlər. Çox zaman İran asılılığında olan ölkələrin hamısının dilini fars dili adlandırmış və yerli xalqın dili ilə rəsmi dövlət dili kimi istifadə edilən fars dilini eyniləşdirmişlər. Məsələn, Məs’udi farslara tabe olan Azərbaycan, Ərməniyə, Arran, Beyləqan, Dərbənd, Rey, Təbəristan, Əl-Maskat, Şabiran, Curcan, Nisabur, Herat, Mərv kimi ölkə və vilayətlərin adını çəkərək yazır: «Bütün bu ölkələr vahid idarəyə, vahid hökmdara və vahid dilə malikdir. Onların dilləri bir sıra fərqlərə baxmayaraq, birdir, çünki yazdıqları hərflər eynidir, hərflərin birləşməsi də eynidir. Ancaq digər nisbətdə götürəndə bunlar, məsələn, (necə ki), pəhləvi (əl-fəhləviyə), dəri (əl-dəriyə), azəri (əl-azəriyə) və başqaları fars dilindən fərqlənirlər». (4; 224) Göründüyü kimi, müəllif bütün bu ərazilərdə işlədilən əlifba ilə dilləri eyniləşdirmiş, dillər arasındakı kəskin fərqlərə ciddi diqqət yetirə bilməmiş, onları bir-birinə yaxın saymış, lakin son məqamda yenə fərqləndirməyə məcbur olmuşdur.
Azəri dilini fars dili hesab edənlərin söykənəcəkləri ondan ibarətdir ki, azəri adlı farsdilli bir tayfa olmuşdur və azəri dili ifadəsi də onların dilinin adı kimi yayılmışdır. Bunun əksinə, belə bir fikir də var ki, azəri sözü «dilləri bizim dilin kökündə dayanan» as tayfa adından və ər sözündən ibarət olub (sondakı -i mənsubiyyət bildirən şəkilçidir), ‘as ərləri’ deməkdir. (15;3) Bu aslar haqqında əfsanələr böyükdür və onlar bütün Asiyanın, hətta uqor-fin dillərinin kökündə dayanan bir tayfa kimi səciyyələndirilir. İranşünaslar isə, dediyimiz kimi, azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali saymışlar. Biz qeyd etmək istərdik ki, bəlkə də Azərbaycan sözünü əfsanəvi qədim aslarla bağlamaq olar, lakin bu xalqı və onun dilini farsdilli güman edilən bir tayfa adı ilə heç cür əlaqələndirmək mümkün deyildir. Çünki tarixin az-çox yazılı mənbələri olan son beş min ili ərzində Azərbaycanda və hətta yaxın ətraf ərazilərdə asər və ya azəri adında türk və ya irandilli aparıcı bir tayfaya təsadüf edilməmişdir.
Azəri sözü tayfa adı olmayıb Azərbaycan sözündən yaranmışdır -Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır.
Antarpatianu və Atropatena sözləri uzun müddət unudulmamışdır. Monqol basqınlarını gözləri ilə görmüş Gəncəli Kirakos 1241-ci il hadisələrindən bəhs edərək yazır: «Onlar (monqollar - Q.K.) getdikcə farsların bütün ölkəsini, Atrpatakanı, Deyləmi dağıtdılar, qarşılarında bir maneə qalmasın deyə, hamısını bir-bir yağma etdilər».(5; 162) Bu forma - Atrpatakan, təbii ki, erməni tələffüz formasıdır və bu tələffüzdə sözün birinci hecasındakı An allah adının «n» samiti düşdükdən sonra irəli çıxan «dz» qovuşuq səsinin birinci komponentinin karlaşmış variantı (d>t) saxlanmışdır. Ərəblər isə həmin qovuşuq səsin ikinci komponentinə öz dillərinin xarakterinə uyğun olaraq üstünlük vermiş, sözü Adzirbican - Azirbican - Azərbican şəklində tələffüz etmişlər. Azəri sözü bu sözdən, bu tələffüzdən yaranmışdır.
Təbii ki, ərəb işğalına qədər və sonralar da müxtəlif dil mühitində (yerlilərin, qonşuların, gəlmələrin dilində) Atropatena dili, azəri dili, Arran dili, türk dili və s. terminlər paralel işlənmişdir. Cənub Azəbaycan idi, lakin elə bir vəziyyət yaranmışdı ki, ara-sıra «Arran» sözü işlədilsə də, ərəblər üçün «şimal» və «cənub» söhbətləri yox idi, ərəblər Arranı da «Azərbaycan» adlandırırdılar. Vahid Azərbaycan var idi və bunu mənbələr də təsdiq edir. N.Vəlixanlı bu cəhəti xüsusi nəzərdən keçirərək yazmışdır: «...ərəb müəllifləri Zaqafqaziyanın işğalı ilə bağlı hadisələri qeyd edərək, Arran - Albaniya ərazilərini həm də Azərbaycan adlandırırdılar. Faktlara diqqət yetirək. Əl-Kufiyə görə, «əl-Ədiyyə (ibn Aliyyə əl- Kindi) (Ömər ibn-Əbd əl-Əzizlə göndərilmişdir, 717-720-ci illər - N.V.) Azərbaycan ölkəsinə yollanmış və Beyləqanda yerləşmişdir... Əl-Haris ibn Əmr (Ədiyyədən sonrakı hakim, yenə Ömər ibn-Əbd əlƏziz tərəfindən tə’yin edilmişdir - N.V.) Azərbaycan ölkəsinə yollandı və Bərdədə dayandı. Əl-Cərrəh ibn-Abdullah əl-Həkəmənin (722-725, 729-730-cu illərdə Azərbaycan hakimi) Şəkiyə gəlişini xatırlayaraq, əl-Kufi yazır: «O (xəlifə Hişam - N.V.) əl- Cərrəh ibn-Abdullaha əmr etmişdi ki, Azərbaycanda qalsın». Əl-Təbəri və İbn əl-Əsirin mə’lumatına görə, 91-ci ildə (709-710) Məsləmə ibn-Əbd əl-Malik türklər (başqa sözlə, xəzər) əleyhinə yeni yürüş təşkil etdi «və Azərbaycan vilayətində əl-Babı əldə etdi, şəhərlər və qalalar işğal etdi».(9; 80)
Bunlar çox maraqlı və çox aydın faktlardır. 1300 il əvvəl Azərbaycanın bu cür bütövlüyü onun vahid xalqından, vahid dilindən xəbər verir. Xalqın dili türk dili idi. Türklər Qara dənizin və Xəzərin şimalında, bütün Orta Asiyada, Altaydan Balkana qədər geniş ərazidə yayılmışdı. Ona görə də fərqləndirmək üçün ərəblər «Azərbaycan» dedikləri bu ərazidə işlədilən dili «əl-azəriyə» - azəri dili adlandırırdılar və bu, son dərəcə uğurlu bir tapıntı idi. Əgər Ə.Kəsrəvi kimilərin qərəzli və yanlış iddiaları olmasa idi, tarixçilərimiz bu uydurmalara uymasa idilər, bu addan vaxtilə (XX əsrin 70-ci illərində) azərbaycanlılar imtina etməklə (və ya onları buna məcbur etməklə) böyük səhvə yol verməz, Azərbaycan ziyalıları arasında «türk dili» və ya «Azərbaycan dili» söhbətləri ilə ixtilaf yaradılmazdı.
XI əsrin görkəmli Azərbaycan alimi Xətib Təbrizinin (1030-1108) öz müəllimi Əbül Üla Məərri ilə məşhur söhbətində azəri dilinin «Azərbaycan əhalisinin dili» kimi təqdim edilməsi «azəri dili» dedikdə türk dilinin nəzərdə tutulduğuna əyani misaldır. Söhbətin məzmunu belədir: «Xətib Təbrizi danışırdı ki, Nemanda (şəhərdə) Məərrinin məscidində mən onun (Əbül Ülanın) qarşısında oturmuşdum və ona kitabdan nə isə oxuyurdum. O (Xətib Təbrizi) dedi: «Mən iki il idi onun yanında qalırdım. Öz ölkəmdən heç kimi görməmişdim. Bu zaman birdən namaz qılmaq üçün məscidə daxil olan bir qonşumuzu gördüm və onu tanıdım. Şadlıqdan əhvalım tamam dəyişdi. Əbül Üla mənə dedi: «Sənə nə oldu?» Mən ona cavab verdim ki, iki ildir, öz ölkəmdən heç kimlə görüşməmişəm. Bir qonşumu gördüm. O mənə dedi: «Get, onunla söhbət elə». Mən dedim: «Qoy dərsimi qurtarım». O dedi: «Dur, mən səni gözləyərəm». Mən durdum və onunla (qonşumla) xeyli azəricə danışdım və nə istəyirdim, hamısının haqqında soruşdum. Mən qayıtdım və onun (Əbül Ülanın) hüzurunda oturdum. O dedi ki, bu nə dildir? Mən dedim: Bu, Azərbaycan əhalisinin dilidir. O dedi, mən (bu) dili bilmirəm və başa düşmürəm. Ancaq sizin bütün söhbətinizi əzbər yadda saxlamışam. Bundan sonra o bizim bütün danışdıqlarımızı sözbəsöz təkrar etdi. Qonşum hədsiz dərəcədə təəccüb etdi və dedi, o ona mə’lum olmayanı necə əzbər öyrənə bilmişdir». [463,s.145-146] (6; 129)
Ə.S.Sumbatzadə bu gözəl mətni öz əsərində vermiş və azəri dilinin İran dillərindən biri olduğunu sübuta çalışmışdır. Hətta XIII əsrin birinci rübünədək yaşamış Yaqut Həməvinin (1179-1229) yuxarıda verdiyimiz fikri də nəticə çıxarmaq üçün «əsas verməmiş», müəllif azəri dilinin birdən-birə türk-monqol tə’siri ilə izsiz yox olduğu qənaətinə gəlmişdir. Azərbaycan ərazisindəki ən xırda irandilli etnoslar bu günə qədər yaşadığı halda, «Azərbaycan əhalisinin dili» olan azəri dili yox olub aradan çıxmış, heç bir iz qoymamışdır. Bütün axtarış və tədqiqatlarında düzgün yol tutan Q.Qeybullayevin «azəri dilini müasir talışların dili saymaq olar» (13; 224) ifadəsi də onun yaradıcılığı üçün ciddi qüsurdur. O, azəri dilini irandilli bir tayfanın dili hesab etdiyi üçün bu dilin Cənubi Azərbaycan - Atropatena ərazisində geniş yayıldığını söyləyən alimlərin - S.Y.Qasımova, A.P.Novoseltsev və başqalarının fikirləri ilə razılaşmamış, onun geniş yayıla bildiyinə şübhə ilə yanaşmışdır.(13; 225)
Heç bir alim Xətib Təbrizi ilə Məərrinin söhbətindəki bir məqama düzgün diqqət yetirməyib. Xətibin dediyi sözü yanlış olaraq azəri dili şəklində izah etmişlər. Mətndə azəri yox, azərbi sözü işlənmişdir. Ə.Sumbatzadə həmin əhvalatın ilk mənbəyini göstərməklə rus mətni içərisində sözün həmin mənbədə necə yazıldığını da ərəb qrafikası ilə qeyd etmişdir. Müəllif yazır: «Verilmiş parça ilk növbədə Əbdülkərim ibn-Məhəmməd əs-Səmaninin (1114-1166) «Kitab-əl-ənsab» əsərində mühafizə olunmuş, Xətib Təbrizinin öz yerlisi ilə söhbət dilindən bəhs olunarkən ba-l-azərbicide, b. s. «azəri dilində» ifadəsi qeydə alınmışdır». (6;129) T.İ.Hacıyev M.Mahmudovun «Piyada... Təbrizdən Şama qədər» (1982) əsərinə əsaslanaraq həmin sözü azrəbi şəklində göstərmişdir. Müəllif eyni əhvalatı xatırlayaraq sözün işləndiyi cümləni belə vermişdir: «Ayağa qalxdım və azrəbi dilində onunla xeyli söhbət edib məni maraqlandıran hər şeyi ondan soruşdum». Müəllif yenə M.Mahmudova əsaslanaraq yazır: VII əsrdən mə’lum olan mənbələrdə ərəblər Azərbaycana Azrəbican demiş və sifət məqamında həmin sözü azrəbi şəklində işlətmişlər».(23;5) Burada T.İ.Hacıyevin azrəbi dilini «Azərbaycan əhalisinin türk dili» adlandırması bizi maraqlandırmır - dilimizin tarixinə az-çox bələd olan şəxs başqa cür düşünə bilməzdi. Bizi maraqlandıran sözün həm formaca, həm də məzmunca əsasən düzgün mə’nalandırılmasıdır. Ə.Sumbatzadə sözün yazılışını düxgün vermiş, lakin onun oxunuşunu təhrif etmişdir, dilin mahiyyətini isə mə’lum mənfur konsepsiyanın mövqeyindən izah etmişdir. Ə.Sumbatzadənin həmin sitatla bağlı şərhlərinə qayıtmasaq da, tarixçinin öz xalqının və onun dilinin tarixi barədə bu qədər yanlış və bəsit düşüncələrə malik olduğunu (bax: 6;129-130) düşündükcə heyrətlənməyə bilmədik. M.Mahmudov və T.İ.Hacıyevdə biz bir elementin ərəb əlifbasından düzgün əxz olunmadığını güman edirik. Biz bu fikirdəyik ki, mahiyyətlə çox bağlı olan söz azrəbi yox, azərbi şəklində oxunmalı idi və bu cəhətdən Ə.Sumbatzadə ərəb əlifbası ilə sözü düzgün vermişdir: ba-l-azərbicide. Sözün bu şəkildə oxunuşu ona görə doğrudur ki, bu söz Azərbican sözündəndir, Azərbican sözünün bir hissəsidir və «Azərbaycan sözünün sifət kimi işlənən formasıdır» dedikdə bizim mövqeyimizə müvafiq şəkildə geniş düşünülməmiş olsa da, T.Hacıyev həqiqətin üstünə gəlib çıxmışlar. Bütün bunlar göstərir ki, azəri sözü as və ya az tayfa adı ilə deyil, Azərbaycan sözü ilə bağlıdır və o da aydın olur ki, bu söz birdən-birə tapılmamış, ilk dövrlərdə ərəblər Azərbaycan dili anlayışını azərbi dili şəklində işlətmiş, tədricən «b» samiti də atılmış, azəri dili ifadəsi təşəkkül tapmışdır.
Beləliklə, azəri sözü ərəb istilası zamanından intesiv şəkildə işlənmiş və o gündən ki ərəblər bütün ölkəni «Azərbaycan» adlandırmağa başlamışlar, o gündən də dilimizə bu kökdən «-əl-azəriyə» - azəri dili demişlər. Etimoloji cəhətdən Azərbaycan sözünün kökündə nə durursa, «azəri» sözündə də o durur. Bu söz 1300 ildir ki, işlənməkdədir. Bəs necə olmuşdur ki, «türk dili» ifadəsi bunu üstələmişdir?
Görünür, azəri dili bir termin kimi daha çox ərəb təhsillilərin dilinə məxsus olmuş, ərəblər Azərbaycanda öz mövqeyini itirdikdən sonra «azəri» sözü də işləkliyini zəiflətmişdir. Lakin bu söz işləkliyini zəiflətsə də, tamamilə unudulmamış və bütün sonrakı minillik boyu daim Azərbaycan türk dilinin yığcam ifadə vasitəsi kimi gərəkli olmuşdur. XIII əsrdə elmi ədəbiyyatda öz izini saxladığı kimi, XIX əsr mənbələrində də özünə yer tapmışdır. Şübhə etmirik ki, arada olan beş əsrlik mənbələrdə də bu söz işlənməmiş deyildir. Lakin bu da bir faktdır ki, X-XII əsrlərdən «türk dili» ifadəsi üstün mövqe qazanmış, «azəri» sözünün işləkliyini məhdudlaşdırmışdır.
Y.B.Yusifov Yaqut Həməvinin (XII-XIII əsrlər) azəri dili haqqında mə’lumatını xatırladıb qeyd edir ki, bundan sonra «Azəri dili haqqında qaynaqlarda daha mə’lumat verilmir. Bu dövrdə (XII-XIII əsrlər), yəqin ki, «azəri dili» anlayışı «türk dili» anlayışı ilə əvəz olunur».(4; 225-226)
Mühüm bir problem kimi bu da maraqlıdır ki, bütün türk xalqlarının dili türk dili olduğu halda, nə üçün türk dili ifadəsi yalnız bizim dildə, bizim dil üçün mühafizə olunmuşdur?
Əvvəlcə onu qeyd edək ki, yuxarıdakılardan belə bir nəticə çıxarmaq olmaz ki, türk dili ifadəsi XIII əsrdə yaranmışdır. VI əsrin ortalarında - 550-ci ildə Bumın xaqan I Göytürk dövlətini yaratmış və rəsmi olaraq «türk» sözünü öz dövlətinin adı kimi qəbul etmişdi: dövlətləri türk dövləti, dilləri türk dili adlanırdı. VI-VII əsrlərdə 80 il ömür sürən bu dövlət sonralar öz müstəqilliyini itirmiş, 630-680-ci illər arasında əhali 50 il Çin tabeliyində olmuşdur. 681-ci ildə müstəqillik qazanaraq II Göytürk dövlətini (681-744) yaratmışlar. Bu zaman Göytürk dövləti öz ərazilərini daha çox genişləndirmişdir. VIII əsrin ilk günlərində (701) türklər artıq şimaldan Sasanilərin keçmiş sərhədlərinə gəlib çıxmışdılar. Bu dövrdə Azərbaycan və Aran ərəblərin işğalı altında idi.
Elə bir dövr idi ki, ərəblər Azərbaycanı bütöv görür və onun «qədimdən türk yurdu» olduğunu yaxşı bilirdilər, dəfələrlə yerli əhali ilə toqquşmalı olmuşdular. Bir tərəfdən də yeni türk axınları davam etməkdə idi. Aramsız olaraq türklər türk yurduna axışırdılar. Buna görə də ərəblər təbii, qanuni, məntiqi bir iş görmüş, fərqləndirmək üçün türkdilli Azərbaycan əhalisini azərilər, əhalinin dilini azəri dili adlandırmışlar. Lakin «azəri» sözünün rəsmi işlənmə imkanları türkdilli əhalinin öz dillərini «türk dili» adlandırmasına mane olmamış, yuxarı dairələrdə daha çox «azəri dili», geniş xalq arasında «türk dili» sabitləşmişdir. Ərəblər bir işğalçı kimi zəiflədikcə «türk dili» üstünlük qazanmışdır. Təsadüfi deyildr ki, böyük Nizami də XII əsrdə «türkcə» sözünü işlətmişdir. Şahın məktubunda deyilir:

Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,
Türkəvara deyilmiş söz bizə layiq deyil.(40; 35)

Poema Şirvanşah Mənuçehr oğlu Məlik Axsitanın şairə müraciəti əsasında yazılmışdır. Şah özü onu ərəb-fars inciləri ilə bəzəməyi məsləhət görmüşdür. Məzyədilər sülaləsindən olan Şirvanşahlar ərəb nəslindən idilər və X əsrdən fars dilinin aşiqi olmaqla sarayda fars dilindən istifadə edirdilər. Şirvan dövlətinin sonuna qədər də (XVI əsr) fars dilinə üstünlük vermiş, türk dilinə həqarətlə baxmışlar.
Bütün bunlar aydın və şübhəsizdir. Lakin biz şimallı-cənublu Azərbaycan türk əhalisinin dilinin türk dili adlandırılmasını eramızın I minilliyində ərəblərin müşahidə etdiyi «türk ölkəsi» və ya yeni türk axınları və yaxud da Göytürk dövləti sərhədlərinin şimaldan Azərbaycana çatması ilə məhdudlaşdırılmalı olan bir prosesin nəticəsi kimi təsəvvür etmirik. Bütün ilkin türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha çox güclənmiş və güclü bir tufan kimi öz dalğalarını bütün qərbə və o cümlədən Cənubi Qafqaza, daha aşağılara yayan bir dövlətin adı kimi geri qayıtmışdır.
Xalq öz varlığını, müstəqilliyini cana doyduğu işğallardan qorumağa çalışdıqca öz mədəniyyətini, maddi-mə’nəvi özünəməxsusluqlarını da qorumuşdur. Budur, Yaqut Həməvidən 70-80 il sonra Həmdullah Qəzvini fars dilində yazdığı («Nüzhətül-qülub» - «Ürəklərin əyləncəsi») əsərində artıq «türk» sözündən bol-bol istifadə edir: «Xoy türk diyarı kimi tanınmışdır». «Təbrizlilər görkli bir kimsəni cındır geyimdə gördükdə öz türk dilində məsəl çəkirlər: «Hüluki üzümü yırtıq səbətdə durmaz...» «Burada yaşayan xalqın üzünün rəngi ağdır, türk dillidir və çoxu hənəfi təriqətindəndir» və s.(5; 169-170) Bu dövrdə artıq qonşu Anadoluda Osmanlı dövləti (1299-1924) yaranmışdı və dilləri rəsmi olaraq «Osmanlı dili» adlanırdı. Xəzərin cənub-şərqində və şərqində isə hər bir türk dilinin adı vardı və ona görə də azərilərin öz dillərini «türk dili» adlandırmaları üçün heç bir rəqabət və təhlükə yox idi.
»Azəri» sözü az işlənsə də, unudulmurdu. Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili e’lan edən Şah İsmayıl, təbii olaraq, «türk dili»nə üstünlük verir. Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstəqil Azərbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə yanaşı, dövlət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə - xalqın işlətdiyi kimi çatdırır və bu hal «azəri dili» termininin daha çox məhdudlaşmasına səbəb olur. Eyni anlayış haqqında iki termindən «türk dili»nin üstünlük qazanmasında həqiqətən Şah İsmayılın xidməti böyükdür. Lakin bundan istifadə edən İranpərəstlər xalqı və bütün elm, bilik sahiblərini aldatmağa çalışmış, azəri dilinin guya İran dilləri qrupuna daxil olan bir dil olduğunu və həmin dilin zorla Şah İsmayıl tərəfindən məhv edildiyini, yerinə türk dilinin qoyulduğunu isbat etməyə cəhd göstərmişlər. Amma Şah İsmayılın «canını qurtaranlar», bu prosesi - türk dilinin fars azəri dilini hələ XIV əsrdə məhv etdiyini, yalnız sıxışdırılıb Ərdəbildə qaldığını iddia edənlər də var.(17; 46) Bunlar son dərəcə məntiqsiz düşüncələrdir. Şah İsmayılın xidmətlərini unutdurmağa çalışanlar da vardır: Guya Şah İsmayılın Osmanlı sultanları ilə bir-iki yazışmasından başqa, qalan bütün dövlət işləri farsca aparılmış; azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə kimi, kökcə İran mənşəli olan azəri dilində danışmış; Şah İsmayıl isə güc işlədərək bu dili azərbaycanlılara yabançı olan «türk dili» ilə əvəz etmişdir. Halbuki alman alimi Adam Olearinin yazısında 1630-cu illərdə, hətta paytaxtın Səfəvilər tərəfindən İran şəhəri İsfahana köçürüldüyü çağlarda əcnəbi elçilərin qəbulunda sarayda Azərbaycan dilinin işləndiyi göstərilir. Fransız səyyahı Jan Batist Tavernye də eyni həqiqəti qeyd etmişdir: «Saray adamlarının dili türk dilidir». (5; 185)
Azəri dilinin İran dil qrupuna aid olması barədə iddialar xalis cəfəngiyyatdır. Bir anlığa düşünək ki, bu iddialar (Azərbaycan əhalisinin dilinin azəri adlanan İran köklü tayfa dili olması) doğrudur və ölkə əhalisinin dili fars dilindən fərqli (iddiaçıların fikrinə görə, talış dilinə yaxın) bir dil imiş. Cəmi 37-38 il ömür sürmüş Şah İsmayıl bu dili necə dəyişib türk dilinə çevirə bilərdi? Şah İsmayıldan 200 il əvvəl Həmdullah Qəzvini Təbriz, Xoy kimi iri şəhərlərin, paytaxt şəhərinin əhalisinin türkdilli olduğunu qeyd edirsə, «İran köklü» azəri dilində kim danışırmış?
Yaqut Həməvi ərəb idi və çox olsa, fars dilini də bilərmiş. Görünür, türk dilini bilmirmiş. Onun, «Onlar azəri dilində danışırlar, bu dili başqaları anlamır» deməsi bir çoxlarını bu qənaətə gətirir ki, Azərbaycanın əhalisi elə bir spesifik İran dilində danışırmış ki, onların dilini başqaları anlamırmış. Onun bir çox hallarda düzgün olmayan, təqribi mülahizələri İranşünaslara qol-qanad vermişdir. Yaqut Həməvi çox zaman öz mə’lumatlarını gözü ilə gördükləri əsasında deyil, «Əl-İstəxrinin deməsinə görə», «söyləyirlər ki», «Mənim inandığım tacirlərdən biri mənə danışırdı ki», «Mən düşünürəm ki», «Azərbaycanda mən Bərdədə yaşamış adamlar ilə görüşmüş və onları şəhər haqqında sorğuya tutmuşam, onların deməsinə görə» kimi «əsaslar» üzərində qurmuşdur. Onun dillər haqqında mə’lumatında da bu cür qeyri-müəyyənliklər müşahidə olunur: «O (Bab-əl Əbvab - Dərbənd) bir çox düşmən və müxtəlif dillərdə danışan xalqlar əhatəsindədir». «Deyirlər ki, Bab-əl Əbvabdan o yana uzanan dağlarda 70-dən çox xalq yaşayır, bunların hər biri ayrıca öz dilində danışır və bu dili qonşular başa düşmür». (5; 167) Dərbənddən yuxarıda qafqazdilli xalqlar yaşayır və onlar daim bir-birini başa düşüblər. Qafqazdillilərdən başqa, ikinci böyük dil qrupu hunlar, xəzərlər və ümumən türklər idi.
Yuxarıda - Şah İsmayıl ilə bağlı sitatda bir fikir doğrudur: «azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə kimi... azəri dilində danışmış»lar. Əslində, bunu belə başa düşmək lazımdır ki, XVII əsrədək azərbaycanlılar «türk dili» ilə yanaşı, öz dillərinə «türk dili» mə’nasında «azəri dili» də demişlər. Bu, tam doğru fikirdir.
XV əsrdən başlayaraq Osmanlı imperiyası zəifləməyə, Osmanlı dövləti tutduğu əraziləri itirməyə başlamışdır. Nəhayət, tədricən türklərin (osmanlı türklərinin) hakimiyyət dairəsi Anadoluya sığışmışdır. «Osmanlı imperiyası», «Böyük Osmanlı dövləti» kimi ifadələr də öz əhəmiyyətini itirmişdir. Belə bir vaxtda yalnız öz əzəli yurdları ilə kifayətlənməli olan Osmanlı türklərinə «Anadolu türkləri» də deyilmişdir. Ona görə də XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan və Anadolu türklərini fərqləndirmək üçün yenidən «azəri» sözünə ehtiyac artmışdır. Və bu zamandan «azəri» sözü daha çox işlənməyə başlamışdır. Beləliklə, ərəb işğalından (VII əsr) bu günə qədər «azəri dili» həqiqi mə’nada «türk dili»nin sinonimi kimi işlənmişdir və bir linqvistik termin kimi, «azəri» sözü yüksəliş (VII-X əsrlər), tənəzzül (X-XIX əsrlər), yeni yüksəliş (XIX əsrin sonlarından XX əsrin 70-ci illərinə kimi - aradakı repressiya çıxılmaqla) və yeni tənəzzül (70-90-cı illər) mərhələləri keçirmişdir. Əgər Hind-Avropa monopolizmi, Ə.Kəsrəvi kimilərin fars şovinizmi, bizim bir sıra alimlərin və rus tarixçilərinin tarixi saxtalaşdıran yazıları olmasa idi, XX əsrdə «azəri dili» uğurlu bir termin kimi öz yerini tuta bilərdi.
Azərilər sözü Azərbaycan ərazisində yaşayan bütün etnosları əhatə etmişdir, lakin azəri dili türk xalqının dilini. Odur ki dəqiqləşdirmək üçün bə’zən azəri türklərinin dili ifadəsi işlədilmişdir. Görünür, həm də bu çoxmə’nalılığı aradan qaldırmaq üçün Şah İsmayıl azəri dili istilahını sıxışdırmağa çalışmışdır. Bunlar bir daha göstərir ki, azəri dili ifadəsi Azərbaycan adından doğmuşdur, ona görə də türk etnosu və Azərbaycan türk dili ilə bilavasitə bağlıdır. Azərilər və azərbaycanlılar anlayışları ekvivalentdir. Azəri sözünün Azərbaycan sözündən törədiyini nəzərə aldıqda həm azəri dili, həm də Azərbaycan dili ifadələri yayğın ifadələrdir. Lakin Azərbaycanın bütövlükdə türkdilliliyini, yə’ni aparıcı etnosların türk, milli dilin türk dili olduğunu nəzərə aldıqda «türk dili» ifadəsinə ekvivalent kimi azəri dili ifadəsi tam yerindədir.
Azəri sözü bizim dilimizi bütövlükdə (şimallı-cənublu) adlandıra bilən ən uğurlu termindir. Azərbaycan türklərinə daim «azəri türkləri» demişlər və bu ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən, həm də şərq türklərindən fərqləndirmişdir. Hələ Nəsrəddin şah dövründə İranda buraxılmış «Name-i Daneşvaran» adlı kollektiv əsərdə Cənubi Azərbaycan əhalisinin dili «azəri dili» adlandırılmış və aydın olmaq üçün izahat verilmişdir: «azəri dili», yə’ni «zəban-i turkan» (türk dili). Qərbin görkəmli şərqşünas alimləri və o cümlədən ingilis şərqşünası Q.A.Stranqe də bu cür nəzərdə tutmuş, «azəri» sözünü «Azərbaycanın qədim türk dili» adlandırmışdır.
Əslən azəri türklərindən olan Cahangir Zeynaloğlunun 1924-cü ildə İstambulda çap etdirdiyi «Müxtəsər Azərbaycan tarixi» əsərində oxuyuruq: «Hər yerdə olduğu kimi, burada da (Azərbaycanda - Q.K.) azlıq çoxluğa tabe olaraq, qədim əhalidən tat, talış, ləzgi və sonradan gələn ərəb, kürd kimi millətlər yerli türklər ilə qarışıb birləşmişlərdir və beyləcə yeni bir türk xalqı, yeni azəri türkləri vücudə gəlmişdir... Gözəllik və sadəliyi sayəsində bütün Qafqaz və Rusiyada, hətta İran və bütün Asiyada işlənən beynəlmiləl bir dil halını da almışdır». (18; 12)
Keçən əsrin 60-cı illərində «azəri dili» termini geniş işlənməkdə idi və «Azərbaycan dili», «htürk dili» ifadələrinə nisbətən daha çox işlənirdi. Lakin Azərbaycan türklərinə və ümumən türklərə daim qeyri-səmimi münasibət bəsləyən, tarixin gedişində mütərəqqi prosesləri daim hindavropalıların xidməti kimi qələmə verməyə çalışan alimlərin subyektiv mülahizələri «azəri dili»ni şübhə altında qoya bilmişdir: »İranın bir sıra burjua tarixçiləri və ədəbiyyatşünasları Azərbaycan xalqının varlığını danmaqla bərabər, həm də onun dilini təhrif etməyə sə’y göstərirlər (Ə.Kəsrəvi, C.Fəqih, M.Məşkur, Ə.Karəng, Ə.Kavyanpur, Ə.Dehqani, M.Mürtəzəvi, Z.Səfa, R.Şəfəq və b.). Onlar iddia etmişlər ki, guya Azərbaycanın qədim sakinləri ancaq İran (ari) mənşəli və İrandilli etnoslardan ibarət olmuşdur».(11; 110)
İranın tarixçi alimi Əhməd Kəsrəvi Rza şahın hakimiyyətə keçdiyi və öz diktaturasını möhkəmləndirməyə çalışdığı XX əsrin 20-ci illərində yazdığı «Azəri ya zəbane bastane Azərbaygan» əsərində «İran ərazisində yalnız bir dilin - fars dilinin olduğunu iddia etməklə hakim Pəhləvi sülaləsinə İranda yaşayan və azlıqda qalan xalqların ana dillərinin qadağan olunması üçün şərait yaratmışdır».(11; 111) Ə.Kəsrəvi azəri dilini fars dilinin bir qolu hesab etməklə daha mürtəce mövqe tuturdu. Özündən əvvəlki iranşünaslar adətən monqolların gəlib zorla türk dilini Azərbaycanda yaydıqlarını iddia etdikləri halda, o, türk dilinin Azərbaycanda monqollardan sonra, Şah İsmayıl Xətai dövründə yayılmasını sübuta çalışmışdır. Doktor Hüseyn Məhəmmədzadə Sədiq Təbrizdə nəşr olunan «Neda-ye Azərbadeqan» qəzetinin 10 avqust 1999-cu il tarixli 21-ci nömrəsində həmin qəzetin müxbiri ilə müsahibəsində deyir: «Kəsrəvi və onun davamçıları nə təkcə bizim türk olmayıb azəri olduğumuzu sübut etmək üçün minlərlə vərəqə ağ kağız qaraladılar ki, minimum çörəyə çatsınlar, onlar Rza şaha, Məhəmmədrza şaha məddahlıq edərək türklərə qarşı düşmənçilik siyasəti yeridərək Azərbaycan dili, tarixini, milli namus və böyük məqsədləri sual altına aldılar. Hətta həmin nökərlərdən biri kitabının giriş hissəsində yazır: «Belə nəticə alırıq ki, türklər savadsız, maldarlıqla məşğul olan və avara, evsiz, farslar isə alim, əkinçi və şəhərli olmuşlar».(19; 39)
Qeyd edilən alimlərin bir qismi Azərbaycan ərazisində türkləri yerli və gəlmə türklərin birliyi deyil, İran-fars əhalisi sayır və onların zorla türkləşdirildiyini, türk dilinin onlara zorla qəbul etdirildiyini iddia edirlər. Buna görə də Azərbaycan tarixini, Azərbaycan xalqının mənşəyini, dilini saxtalaşdırmağa çalışan alimlərdən biri - Ə.Rəzmara azəri dilini türk dili hesab etsə də, onun zorla qonşu türklərdən mənimsədildiyini, buna görə də dövlət tədbiri əsasında mütləq dəyişdirilməsini, əhalinin yenidən fars dilinə qaytarılmasını tələb edirdi: «Şərqi Azərbaycanın sakinlərinin dili azəri dili olmuşdur (müəllifə görə azəri dili türk dili qrupuna daxildir - A.F.). Həmin ərazinin sakinləri uzun illər ərzində qonşuluq əlaqələri nəticəsində bu dili onlardan (qonşu türk xalqlarından - Q.K.) mənimsəmişlər. Belə ki, hazırda da azəri dili orada fəaliyyət göstərməkdədir. Bu ərazinin dilinin dəyişilməsi haqqında dövlət tərəfindən ciddi tədbir görülməsinə baxmayaraq, bu barədə onların fəaliyyəti hələ də nəticəsiz qalmışdır». (11; 128)
Beləliklə, azəri xalqının - azəri türklərinin mənşəyi bilərəkdən yanlış izah edilmiş, Səlcuq imperiyası dövründə və sonralar Səfəvilərin üstün mövqeyi ilə farsların türkləşdirildiyi, Səlcuqlara qədər Azərbaycanda türk etnoslarının olmadığı kimi yanlış, savadsız və qərəzli hədyanlar söylənmişdir. Daim müxtəlif imperiyalar tərkibində olması nəticəsində Azərbaycan xalqı öz dilindən az hallarda dövlət dili kimi istifadə edə bilmişdir. Şübhəsiz, aborigen əhali Manna, Mada dövründə aparıcı tayfalar olan mannalıların, madalıların dilindən rəsmi dövlət dili kimi istifadə etmişlər. Lakin Əhəməni, Sasani imperiyalarının və Xilafətin tərkibində geniş türkdilli əhalinin işlətdiyi dil başqa, rəsmi dövlət dili başqa dil olub. Əsrlərlə davam edən bu prosesi böyük Şah İsmayıl dayandırıb. Şah İsmayılın göstərişi ilə xalq ilk dəfə öz dilindən ali məclislərdə, yazışmalarda, diplomatik sənədlərdə həvəslə istifadə etmişdir. Yalnız Səfəvilər Azərbaycan türk dilini tamhüquqlu dövlət dilinə çevirmişlər. Bununla yanaşı, onlar heç bir dilin hüququnu əlindən almayıblar, heç bir etnosun dilini türkləşdirməyiblər. 1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempfer yazmışdır: «Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mö’təbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.»(20; 85) «Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir» dedikdə müəllif, şübhəsiz, müəyyən dərəcə ərəb, fars leksikası qarışmış ədəbi dil ilə geniş kütlənin adi, sadə danışığını nəzərdə tutmuşdur. İndi - XX əsrin bu son günlərində 35 milyon əhalisi olan Cənubi Azərbaycanın dövlət dili fars dilidir, bu qədər əhalinin ana dilində bir məktəbi yoxdur. Amma bu o demək deyildir ki, günəşli Azərbaycanın dili fars dilidir. 1500 il əvvəl Sasanilər imperiyası tərkibində də bu dil dövlət dili kimi hüquqsuz olmuşdur, indi də belədir. Xalq öz hüququnu tələb etməlidir. Kəsrəvilərin və onların sözünə qüvvət verənlərin mülahizələri yanlış və qərəzli olub, elmə xidmət etmir. V.V.Bartold, V.F.Minorski, B.V.Miller və başqaları da Kəsrəvilərin fikrini müdafiə etmişlər. Azərbaycan tarixçiləri arasında da azəri dilini İran mənşəli hesab edənlər vardır. «Azəri dilinin İran dilləri ailəsinə aid olmasına dair elmdə, görünür, şübhə yoxdur» deyən Ə.S.Sumbatzadə bir tərəfdən də yazır: «...bütün mənbələr və tədqiqatçılar istisnasız olaraq onun fars dilindən dərindən fərqləndiyini qeyd edirlər». (6;49) Fars dilinə qohum dillərdən heç biri ilkin orta əsrlərdə həmin dildən anlaşılmaz dərəcədə fərqlənməmişdir. Bu cür fərq yalnız türk və fars dilləri arasında ola bilərdi və qədim müəlliflər də bunu qeyd etmişlər. Guya azəri dili ona görə yoxa çıxıb ki, din dili, mədəniyyət, elm dili olmayıb və fars dili vasitəsilə assimilyasiyaya uğrayıb, lakin yüzlərlə elm, din, mədəniyyət və ədəbiyyat dili olmayan məhəlli dillər yaşayıb. Bu, adi məntiqsizlikdir.
Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, Azərbaycan dili sahəsində 60-cılar hərəkatı bütün bu fikirlərin yanlış, qərəzli və qurama olduğunu, Azərbaycan xalqının dilinin və tarixinin qəsdən saxtalaşdırıldığını üzə çıxardılar. Bu sahədə Y.B.Yusifov, T.İ.Hacıyev, Q.Ə.Qeybullayev, M.İsmayıl və başqalarının xüsusi xidmətləri vardır. Bunlardan biri - Q.Ə.Qeybullayev yazır: «Bizim Sovet İttifaqında bu vaxta qədər heç bir türk xalqı hakim İran konsepsiyasının ucbatından özünün həqiqi qədim tarixini aydınlaşdıra bilməyib. Bu, tarix elmində monopolizmdir». (21; 283) Bundan neçə il əvvəl yazıçı İsa Hüseynov elmdə irticaya qarşı e’tirazını bildirərək «İdeal» romanında yazmışdır: İngilislər funt-sterlinqi sel kimi axıdırdılar, bütün Avropanın, özlərinin ən görkəmli arxeoloqlarını, şərqşünaslarını Cənuba doldurub Pəhləvi şahının hakimiyyətinin qanuniliyini sübut etməkdən ötrü, Cənubumuzu Şimalımızdan həmişəlik ayırıb milli azadlıq ideyalarını boğmaqdan ötrü tariximizin üstündən qələm çəkib, «Pəhləvi tarixi» yazdırırdılar. ...Hamımız bilirdik ki, Azərbaycanın tarixi «İran tarixi» kimi qələmə verilir, dilimiz, dövlətimiz inkar edilir. Guya nə qədim dilimiz olub, nə ərazimiz, nə də dövlətimiz. Köçəri qəbilələrdən ibarətiymiş Azərbaycan xalqı». (22; 328)